Ağdaş şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq
edilib. Zərərçəkən şikayət ərizəsi ilə polis şöbəsinə müraciət
edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların,
müxtəlif məişət əşyalarının naməlum şəxslər tərəfindən
oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini
bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata
görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisəni
törədən şəxslərin axtarışlarına başlanılıb.Keçirilmiş
əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu edən
zərərçəkmişin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran
Mamedov şübhəli şəxs qismində saxlanılıb.Araşdırma zamanı onların
qabaqcadan əlbir olaraq hadisəni planlaşdırdıqları və oğurladıqları
əşyaları müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə sataraq, əldə
etdikləri pulu öz aralarında böldükləri məlum olub.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,
onların digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması
araşdırılır.