Xəbər - Elçin Mehdiyev – Trend:
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 57 ölkədən ibarətdir. Biz ilk dəfə işğaldan azad edilmiş ərazilərə getdik. Biz orada dağıntıların, Ağdamın yer üzündən silinməsinin şahidi olduq.
AzerTimes-ın məlumatına görə, bunu Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, həmçinin münaqişədən əziyyət çəkən insanlarla da görüşüblər: “Gəncə şəhərində olduq. Raketlərin Gəncəyə vurduğu dağıntıları gördük. Məqsədimiz vəziyyəti yerində görmək, Azərbaycan hökuməti ilə müzakirələr aparmaq idi. Azərbaycan hökumətinə dəstək göstərəcəyik ki, həmin ərazilərdə həyatı yenidən bərpa etmək mümkün olsun. Biz üzv dövlətlərlə təmasları davam etdirəcəyik ki, Azərbaycana müvafiq dəstək göstərə bilək, orada məktəbləri, məscidləri bərpa edək. Biz şadıq ki, Azərbaycan öz torpaqlarını geri qaytardı”.