Ağdamın içməli su ilə təmin edilməsi məqsədilə “Ağıllı su” layihəsi hazırlanır

İşğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı,
tullantı və yağış sularının idarə olunması sistemlərinin
yaradılması ilə bağlı layihə sənədlərinin hazırlanması məqsədilə
yaradılmış işçi qrupun növbəti iclası keçirilib. Ağdam şəhərində
baş tutan iclasda içməli və tullantı su, eyni zamanda, yağış suları
sistemlərinin layihəsi təqdim edilib, ətraflı müzakirələr
aparılıb.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin Planlaşdırma və layihələndirmə departamentinin rəisi
Bahadır Kəngərli bildirib ki, layihə hazırlanarkən əhalinin içməli
suya tələbatı, şəhərin sənaye və turizm imkanları nəzərə alınıb.
Ağdam şəhərinin və şəhərə yaxın 4 kəndin dayanıqlı və keyfiyyətli
içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri
aparılıb və “Ağıllı su” layihəsi hazırlanır.

Layihəyə əsasən Ağdam şəhəri içməli su ilə yeraltı su
mənbəyindən təmin olunacaq və bu məqsədlə ilkin mərhələdə 3
kəşfiyyat-qiymətləndirmə quyusu qazılıb. Quyuların məhsuldarlığı
tələbatı ödəməyə imkan verəcək və suyun keyfiyyəti standartlara tam
uyğundur. Ümumilikdə şəhərin dayanıqlı içməli su ilə təmin edilməsi
məqsədilə 24 quyunun qazılması, quyu zonasının əsas və alternativ
(generator) elektrik enerjisi ilə təminatı layihələndirilib.
Subartezianlardan qəbul olunacaq su relyef baxımından yüksəkilikdə
yerləşən anbarlarda toplanacaq və yaşayış məntəqələrinə özüaxımlı
rejimdə ötürüləcək. Şəhərdə paylayıcı su şəbəkəsinin yaradılması,
şəbəkə üzərində yanğın hidrantlarının, siyirtmələrin quraşdırılması
layihədə öz əksini tapıb, eləcə də hər bir abonentin məsafədən
oxunan elektron sayğacla təminatı təklif edilib.

İclasda Ağdam şəhərinin tullantı və yağış sularının idarə
edilməsi ilə bağlı hazırlanmış layihə də təqdim olunub. Bildirilib
ki, kanalizasiya-yağış infrastrukturunun qurulmasında da müasir
texnologiyalardan istifadə olunacaq. Layihəyə uyğun olaraq Ağdam
şəhərində formalaşan tullantı suları məhsuldarlığı sutkada 30 min
kubmetr layihələndirilən bioloji tipli qurğuda təmizləndikdən sonra
texniki və suvarma məqsədilə təkrar istifadəyə qaytarılacaq.

Təqdim olunan layihədə şəhərin yağış sularının 2 hövzəyə
ayrılmaqla idarə olunması nəzərdə tutulur. Yağış sularının da hər
bir hövzədə tikiləcək anbarda toplanaraq təkrar istifadə olunması
planlaşıdırılır.

Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış suları
sistemləri vahid mərkəzdən idarə olunması layihələndirilib.
Subartezianların məhsuldarlığı, anbarların səviyyəsi, suyun
keyfiyyət göstəricilərinə SCADA sistemi ilə nəzarət olunacaq,
şəbəkənin hidravlik tənzimlənməsi onlayn rejimdə həyata
keçiriləcək.

İclasda layihə ilə bağlı geniş müzakirələr aparılıb,
səsləndirilən təkliflərin layihədə nəzərə alınması tövsiyə
olunub.

Qeyd edək ki, Ağdam rayonu işğaldan azad olunduqdan sonra
“Azərsu” ASC tərəfindən məskunlaşma olan obyektlərin içməli su ilə
təmin olunması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilib.
Ağdam rayonu ərazisində Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin
tikintisi layihəsi çərçivəsində içməli və tullantı su xətləri
çəkilib, su anbarı, nasos stansiyası, septik qurğular inşa edilib.
Ağdam rayonunun Xıdırlı kəndində yeni subartezian quyusu qazılıb,
su xətləri inşa olunub.

Teqlər: