Ağdamda yeraltı və yerüstü sulardan istifadə ilə bağlı kəşfiyyatlara başlanılıb

Xəbər - Samir Əli – Trend:

Ağdam rayonunda yeni smart şəhərin salınması prosesində yeraltı və yerüstü suların müəyyənləşdirilməsinə başlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, Ağdamda yerüstü və yeraltı sular mövcuddur: “Yerüstü sular Xaçınçay və Qarqarçaydan qidalanır. Xaçınçayın orta illik su sərfi 1.7 kub metr/saniyə, Qarqarçayın isə 1.28 kubmetr/saniyədir. Bu isə 100 min əhalisi olacaq Ağdam şəhərinin həm içməli su, həm də suvarma təminatının şəbəkəsinin qurulmasına bəs etməyə bilər. Buna görə də alternativ su mənbəyi kimi bu prosesdə yeraltı su yataqlarından istifadə nəzərdə tutulur. Ağdam Qarabağdüzü su yatağının ərazisindədir. Bu yatağın illik resursu 1,9 milyard kub təşkil edir. Əgər bu sudan effektiv istifadə edilərsə, onun istismar resursları həm Ağdam şəhərinin içməli su ilə təchizatına, həm də suvarma şəbəkəsinin, 20 min hektara yaxın torpaq sahəsinin suvarılmasına səbəb olacaq. Lakin artezian quyularında suyun istehlakı üçün böyük enerji sərfiyyatı lazımdır. Ona görə də bu prosesdə daha səmərəli istifadəyə üçün yeraltı artezian quyularından istifadə nəzərdə tutulub. Çünki bu sular daimi və dinamik, eyni zamanda təhlükəsizdir. Ona görə də artıq yeni layihələr əsasında “Azərsu” ASC Ağdamın su ilə təchiz edilməsində ümumi su resursları 40 kubmetr/saniyə olan iki sugötürücüdən istifadə edəcək. Artıq bunun üçün kəşfiyyat quyularının qazılmasına başlanılıb. Bununla yanaşı, Ağdamın şərq hissəsində 90-cı ilə qədər 752-dən artıq quyu qazılıb. Bu quyulardan bir neçəsinin texniki vəziyyəti korlansa da onların bərpası və yenidən istismatra verilməsi məsələsi müzakirə olunur.

Həmçinin, enerji sərfiyyatının azaldılması məqsədilə günəş enerjisindən artezianlar üçün istifadəsi müzakirə edilir. Güman edirəm ki, Ağdam rayonunun yenidən qurulmasında rayonun yeraltı və yerüstü sularından istifadə ediləcək. Bura hətta ətraf rayonlara belə yardım edə biləcək səviyyədə ehtiyatlara malikdir”.

Teqlər: