30 ildən sonra azad Ağdam ilk dəfə olaraq idman yarışına ev sahibliyi etdi. “I Zəfər Kuboku” yarışının birinci iştirakçıları isə vətən müharibəsi qaziləri oldu.
AzerTimes xəbər verir ki, Ziyarət Müqəddəs ibadətgahımız Cümə məscidindən başladı. Qazilərimizlə bərabər məsciddə namaz qılındı, şəhidlərin ruhuna dualar oxundu.
İdmanın qılıncoynatma növü üzrə keçirilən “I Zəfər Kuboku” yarışı Gənclər və İdman Baş İdarəsi , Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə keçirildi. Yarışın yarımfinal və final mərhələləri Qarabağ xanı Pənahəlixanın sarayında baş tutdu. Xanın sarayının simvolik müdafiəsində 2 igid qazimiz dayanmışdı.
Dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra qazilərimiz arasında yarışa start verildi. Yarımfinal və final görüşlərindən sonra turnirin mükafatçıları müəyyənləşdi. Turnirin qaliblərinə 2024-cü ildə Fransada keçiriləcək Yay Paralimpiya oyunlarında iştirak etmək üçün hazırlaşmaq imkanı da yaradılacaq.
Birinci yerə Hüseyn Əlixanov layiq görüldü. Nicat Əhədovla Seyidəkbər Xaliqov müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşdı.
Yarışda iştirak etməyən qazilərimiz də həvəsləndirici medallarla təltif olundu.