Ağdam. Aslan Məmmədli – Trend:
Zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsinə qədər cəbhə bölgəsi hesab edilən Ağdam rayonunda orta məktəb binalarının tikintisi, bərpa və təmiri daim dövlətin diqqət mərkəzində olub. İstər Ermənistan Ordusunun artilleriya zərbələri nəticəsində dağılan məktblər, istərsə də əsaslı təmirə ehtiyacı olan digər təhsil müəssisələrinin tikintisi bu gün də sürətlə davam edir.
Şübhəsiz ki, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı böyük əhəmiyyət kəsb edir. Məktəb binalarının tikintisi və əsaslı təmiri şəhərlər, rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə də uğurla həyata keçirilir.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, hazırda Ağdam rayonunun Zəngişalı kənd tam orta məktəbinin binası da əsaslı təmir olunur. 640 şagird yerlik Zəngişalı kənd tam orta məktəbin binası sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, kitabxana, bufet və sair otaqlardan ibarətdir.
Məktəb binasının əsaslı təmir olunması müəllimlərin, şagirdlərin və valideynlərin sevincinə səbəb olub. 1969-cu ildə inşa edilən təhsil ocağı ötən dövr ərzində bir dəfə təmir olunub. Məktəb binasının şəraitsiz olması tədris prosesində çətinliklər yaradıb. Məktəbin şagirdləri hazırda qonşu kənd məktəbində təhsillərini davam etdirir. Amma bilirlər ki, tezliklə işlər başa çatacaq, məktəb binası müasir avadanlıqlarla təmin olunacaq. Bu isə təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq.
Əsaslı təmir və bərkitmə işləri çərçivəsində məktəb binasının dam örtüyü dəyişdirilib, divarlarda metal konstruksiya işi görülüb. Həyətdə nasosxana, qazanxana və transformator yarımstansiyası tikilib.
Məktəbin həyətində hər biri 100 kubmetrlik içməli və yanğın əleyhinə su anbarları olacaq, hasarlar isə yenidən qurulacaq. Həyətdə həmçinin futbol, basketbol, təlim-məşq meydançaları inşa ediləcək, abadlıq işləri aparılacaq. Məktəb binasında istilik, müşahidə, siqnalizasiya sistemləri qurulacaq.