Ağdamda bütöv bir şəhərin, kəndlərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi.
Bunu AzerTimes-a eksklüziv müsahibəsində Fransa Milli Assambleyasının deputatı xanım Karol Büro-Bonnar deyib.
O bildirib ki, Azərbaycana sonuncu səfərinin əsas məqsədi işğaldan azad edilmiş əraziləri görmək idi: “Bu ilin mart ayında digər bir nümayəndə heyətinin tərkibində Azərbaycan və Fransa arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Soltan Məmmədovla, daha sonra Azərbaycan parlamentinin sədri ilə görüşə gəldiyim zaman qarlı hava olması səbəbindən ermənilər tərəfindən dağıdılmış bu ərazilərə səfər edə bilməmişdim. Həmçinin, bu səfərin digər məqsədi fransız və azərbaycanlı parlamentarilərin arzu etdikləri əlaqələri davam etdirməkdir.
Onu da qeyd edim ki, səfərimiz çərçivəsində, biz Ağdama, Füzuliyə yollanaraq, bu regionların icra başçıları ilə görüşlər keçirdik. Həqiqətən, dağıdılmış kəndləri, hətta bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi. Bunları görəndə belə bir sual yaranırdı: Axı bütün bunların səbəbi nədir?! Evləri, məscidləri dağıtmaq, hətta mədəni irsi belə məhv etmək heç nə ilə əsaslandırıla bilməz. Sizin də bildiyiniz kimi, fransızlar da həmçinin öz mədəni irslərinə xüsusi diqqət yetirirlər. Böyük tarixi olan kilsələr bərpa olunur və hesab edirəm ki, bu məntiqəuyğun bir işdir. Bu, Azərbaycanda da belədir. Fransa və Azərbaycan arasında bu sahə üzrə əməkdaşlıq da mövcuddur. Bir sözlə, bütün bunların şahidi olmaq bizi çox təsirləndirdi”.
Fransalı deputat qeyd edib ki, Ermənistan tərəfinin bütün minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsini bir fərd olaraq dərk edə bilmir: “Şəxsən mən bunu başa düşmürəm. Çünki burada insan həyatından söhbət gedir. Bu günə qədər xeyli insan məhz doğulduğu bu torpaqlara baş çəkmək istədiyi üçün həyatını itirib. İnsanlar həyatlarını itirmədən bu ərazilərə qayıda bilməlidirlər. Bir sözlə, mən Ermənistanın bu hərəkətini anlamıram. Hesab edirəm ki, bu xəritələrin Azərbaycana təhvil verilməsi həqiqətən zəruridir.
Azərbaycanla Fransa əlaqələrindən də danışan Karol Büro-Bonnar bildirib ki, hazırda iki ölkə arasındakı əlaqələrdə bir az gərginlik müşahidə olunur: “Düşünürəm ki, hər iki tərəf paralel işləməyə, birlikdə çalışmağa və bir-biri ilə danışıqlar aparmağa çalışır. Hamımızın bildiyi kimi, diplomatik və hökumətlərarası münasibətlərdə bir az gərginlik yaşanır. Fransa hökuməti bu münasibətlərin qaydaya salınması istiqamətində çalışır. Sizin də bildiyiniz kimi, Fransanın Avropa və Xarici İşlər nazirliyi yanında Dövlət katibi Jan Batist Lömuən bu ilin yanvar ayında Azərbaycana səfər edib. Bütün bunlar münasibətlərin bütövlükdə mümkün qədər yaxşı olmasını təmin etmək üçün hələ də kifayət deyil.
Deputat əlavə edib ki, ümumilikdə, fransızlar Avropanın ətrafında yerləşən ölkələr haqda çox da məlumatlı deyillər: “Buna görə də biz Azərbaycandan səfərdən qayıdan kimi ətrafımızdakılara bu ölkə haqqında danışırıq, siyasi dairəmizdə Azərbaycan haqqında bəhs edirik, deputatlar arasında bu ölkə haqqında müzakirə edirik. Budəfəki səfərimizdən sonra isə Milli Assambleyanın rəhbərinə bir məktub ünvanlayaraq mövcud olan ümumi Azərbaycan-Fransa əlaqələrindən bəhs edəcəyik. Eyni zamanda, bizim sizinlə olan bugünkü müsahibəmiz də müəyən mesajlar ötürmək üçün hesab edirəm ki, daha böyük əhəmiyyət kəsb edir. Mən özüm Milli Assambleyada iki il yarım beynəlxalq münasibətlər üzrə təmsil olunduqdan sonra, yəni 2017-ci ildən Azərbaycan haqqında məlumatlanmışam, bu ölkəni, onun tarixini tanımışam. Bu o demək deyil ki, mən Ermənistanın tarixini bilirdim, xeyr. Ancaq Ermənistan haqqında Fransada daha çox bəhs olunur, çünki Fransada onların sayı çoxdur. Bu gün isə Fransada münaqişə kontekstində hər iki ölkə haqqında danışılır. Burada əsas məqam Azərbaycanın necə bir ölkə olduğunu, necə fəaliyyət göstərdiyini nümayiş etdirmək, eləcə də heç bir ölkəyə tərəfkeşlik etməməkdir. Beləliklə, ölkəni kəşf etmək və tanımaq lazımdır”.