Ağdamda bitki örtüyü 10 faiz azalıb – AMEA

Xəbər - Çingiz Səfərli – Trend:

Ağdamda son 5 ildə bitki örtüyü əhəmiyyətli dərəcədə azalıb.

AzerTimes xəbər verir ki, bu barədə AMEA-nın “Həyat və biotəbabət haqqında elm” jurnalında Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov məqalə ilə çıxış edib.

Məqalədə bildirilir ki, 2016-2021-ci illərdə Ağdam rayonunun torpaq örtüyündə nəzərəçarpacaq dəyişikliklər baş verib: bitki örtüyü əhəmiyyətli dərəcədə azalıb (10,2%), kənd təsərrüfatı üçün yararsız sahələr artıb (11,8%).

“Ən yaxın qonşu təsnifat metodu (NNC) əsasında torpaqdan istifadə üzrə bir sıra neqativ dəyişikliklər aşkar edilib: meşə və otlaq sahələri 9,8% azalıb, deqradasiya olunmuş torpaq sahələri 35%-ə qədər, qeyri-münbit torpaq sahələri isə 4,4%-ə qədər artıb” – deyə, məqalədə qeyd olunub.

Alim bildirir ki, səlahiyyətli orqanların bərpa və layihə işlərinə başlamaq haqqında qərar vermələrindən əvvəl, işğaldan azad edilmiş rayonların hazırkı vəziyyətinin hərtərəfli analizi və xəritələşdirilməsi coğrafiyaçıların, ekoloqların və uzaqdan alqılama mütəxəssislərinin ən təxirəsalınmaz vəzifəsinə çevrilməlidir.

Teqlər: