Ağdam. Aslan Məmmədli. Trend:
Ağdama çəkilən yoldakı körpüdən ermənilərin quraşdırdığı 15 ədəd tank əleyhinə, 25 ədəd isə piyada əlehinə mina aşkarlanıb.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu kənddə olub və yol çəkilişini lentə alıb.
Tikinti ilə paralel olaraq yolun keçəcəyi kəndlərin ərazisi – yol yataqları və ətrafları minalardan və partlamamış sursatlardan təmizlənir. Azərbaycan Minatəmizləmə Agentliyinin bölgədəki əməkdaşı Xaliq Zülfüqarov AzerTimes-ın Qarabağ bürosuna bildirib ki, yolun Qərvənd kəndi ərazisindən keçən hissəsi artıq minalardan tam təmizlənib.
Xaçın çayının üzərindəki körpüdən isə ermənilərin quraşdırdığı 15 ədəd tank əleyhinə, 25 ədəd isə piyada əlehinə mina aşkarlanıb. Mütəxəsislərin rəyinə görə, düşmən minaları xüsusi hiyləgərliklə yerləşdirib.
Qeyd edək ki, Ağdama gedən 45 km uzunluğunda olacaq yeni avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq 26,5 metr enində layihələndirilib. 4 hərəkət zolağı nəzərdə tutulan yolun, yol çiyinlərinin eni 3 metr, ayrıcı zolağının eni 2 metr, bərkidici zolaqlar isə 0,75 metr olacaq. Eyni zamanda işğaldan əvvəl Xaçın çay və Uzun Dərədən keçən avtomobil, eləcə də dəmir yol körpülərinin, həmçinin suötürücü borular, mal-qara keçidləri inşa edilməsi planlaşdırılıb.