Ağdam şəhərinin su təchizatı ilə bağlı işçi qrupun iclası keçirilib (FOTO)

İşğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı,
tullantı və yağış sularının idarə olunması sistemlərinin
yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə
sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun iclası
keçirilib.

“Azərsu” ASC-dən AzerTimes-a
verilən məlumata görə, Ağdam şəhərində baş tutan iclasda qurumun və
işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və
mütəxəssislər iştirak edib.

İclasda Ağdam rayonunda içməli su təchizatının bərpası məqsədilə
görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib. Bildirilib
ki, Ağdam rayonu işğaldan azad olunduqdan sonra məskunlaşma olan
obyektlərin içməli su ilə təmin olunması məqsədilə təxirəsalınmaz
işlər həyata keçirilib. Ağdam rayonu ərazisində Monitorinq
Mərkəzinin tikintisi layihəsi çərçivəsində içməli və tullantı su
xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və
septik qurğular inşa edilib. Ağdam rayonunun Xıdırlı kəndində yeni
subartezian quyusunun qazılmasına başlanıb. Quyu ərazisindən
magistral və paylayıcı su xətləri inşa olunub.


Ağdam şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən
qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ
texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi
məsələləri ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, Ağdam
şəhərinin içməli su layihəsi hazırlanarkən əhalinin içməli suya
tələbatı, sənaye və turizm imkanları nəzərə alınacaq. Ağdam
şəhərinin və 4 kəndin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin
edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılacaq. İlkin
mərhələdə yeraltı mənbələr hesabına şəhərə suyun verilməsi üçün 2
kəşfiyyat quyusu qazılıb və tədqiqat işləri davam etdirilir.

İclasda Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış
sularının idarə edilməsi şəbəkələrinin yaradılması, bu sahədə
ağıllı və innovativ texnologiyaların tətbiqi ilə bağlı müzakirələr
aparılıb.

Teqlər: