Ağdam şəhərinin işğaldan azad olunmasının ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

20 noyabr 2021-ci ildə Ağdam şəhərinin işğaldan azad edilməsinin ildönümü münasibətilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Ağdam Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında sözügedən dövlət qurumlarının əməkdaşları, Şəhid ailələri, “Bir könüllü” təşkilatı və Ağdam könüllüləri, həmçinin digər həmvətənlərimiz iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyindən AzerTimes-a verilən məlumata görə, ağacəkmə aksiyası zamanı Meşə Zolağı adlandırılan ərazidə 1000 ədəd ağacdan 53 ədədi Ağdam qeydiyyatında olan 53 Vətən müharibəsi Şəhidinin adına əkilib və Şəhidlərimizin adları əbədiləşdirilib.

Daha sonra tədbirin qonaqları Şəhidlər Xiyabanına gedərək, I Qarabağ müharibəsində həlak olmuş Şəhidlərimizin məzarını ziyarət edib və onların əziz xatirəsini yad ediblər.

Bundan sonra tədbir iştirakçıları və bütün qonaqlar birlikdə Ağdam Cümə Məscidinə, ardınca isə tarixi Şahbulaq qalasına baş çəkiblər. Şahbulaq qalasında davam edən tədbir zamanı Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr olunan videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov Allahdan Şəhidlərimizə rəhmət diləyib, Şəhid ailələrinə səbr arzulayıb. O, öz çıxışı zamanı Azərbaycan xalqına və xüsusilə də Ağdamlılara müraciət edərək, doğma torpaqlarımızın Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində işğaldan azad olunduğunu bildirib. Cənab Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynov doğma yurdlarına qovuşan həmyerlilərimizi təbrik edərək, xoş arzularını çatdırıb. Həmçinin Şəhid ailələri və qazilər də çıxış edərək, öz ürək sözlərini bölüşüblər.


Ağdama səfər edən qonaqlar tədbirdən sonra buradakı digər tarixi-mədəni abidələri də ziyarət ediblər.

Qeyd edək ki, bu gün Ağdamda baş tutan ağacəkmə aksiyası cənab Prezidentimiz İlham Əliyevin bütün ölkə üzrə başlatdığı 44.000 ağacın əkilməsi kampaniyasının davamı olaraq icra edilib.

Teqlər: