Ağdam şəhərində inzibati binanın təməli qoyuldu

Ağdam şəhərində inzibati binanın təməli qoyuldu

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak ediblər.

AzerTimes xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirdi ki, zirzəmi və beş mərtəbədən ibarət olacaq binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetr təşkil edəcək. Zirzəmi qatında avtomobil dayanacağı, mülki müdafiə sığınacağı, texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq. Binanın birinci mərtəbəsində rayon statistika idarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, Qida Təhlükəsizliyi Agentliyinin, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli bölməsi, rayon mədəniyyət şöbəsi, Məşğulluq Mərkəzi (DOST mərkəzi), Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi, iclas otağı və arxiv olacaq.

İkinci mərtəbədə 7 iclas otağı, 8 açıq ofis, zal, katiblik fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı, iki hissəyə bölünə bilən ziyafət zalı yaradılacaq. Dördüncü və beşinci mərtəbələrdə də ofislər, görüş, iclas və digər otaqlar olacaq.

İnzibati binanın qarşısında tədbirlərin keçirilməsi üçün parad meydanının, sahəsi 17,5 min kvadratmetr olan park və şəhər meydanının da tikintisi nəzərdə tutulub.

Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.

Teqlər: