Ağdam qısa müddətdə Qarabağın ən inkişaf etmiş sənaye mərkəzinə çevriləcək – Könül Nurullayeva

Respublika günündə Ağdam şəhərinin bərpası xalqımız üçün çox böyük əhəmiyyət daşıyır. Bu, ilk növbədə onu göstərir ki, Azərbaycan xalqı üçün torpaq bütünlüyü hər zaman ümummilli məsələ olub. Cümhuriyyətin varisləri kimi biz bütün dövlətçilik ənənələrini qoruyub saxlayırıq, sərhədlərimizi möhkəmləndiririk. Prezident İlham Əliyev Ağdamdan bir daha bəyan etdi ki, biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik. Heç kim Azərbaycana təzyiq edə bilməz. Ermənipərəst dairələrin son günlər müşahidə olunan fəallığına gəlincə, bu qərəzli dairələrin mövqeyi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Əsas məsələ Azərbaycanın öz ərazilərini işğaldan azad etməsidir. Biz bu gün bu reallığın nəticələrinə baxırıq. Təbii ki, bizə qarşı qərəzli mövqe sərgiləyən qüvvələrə münasibətimizi də artıq özümüz üçün müəyyənləşdirmişik.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, artıq yeni mərhələ başlayıb və bu mərhələ Azərbaycanın növbəti inkişaf mərhələsidir: “İşğaldan azad olunmuş ərazilərdə sürətlə aparılan abadlıq-quruculuq işlərinin real nəticələrini qısa zamanda görəcəyik.

Yerlə yeksan edilən, beynəlxalq media nümayəndələrinin “Qafqazın Xirosiması” adlandırdığı Ağdamda hazırda bir bina belə qalmasa da, artıq bu şəhərə yeni nəfəs gəlib. Təməli qoyulan yeni sosial obyektlər – yol çəkilişi, sənaye parkı, təhsil müəssisəsi və ilk yaşayış binasının inşası Ağdamın qısa müddətdə yenidən ən inkişaf etmiş şəhərlərimizdən birinə çevriləcəyini deməyə əsas verir.

Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi üçün yeni imkanlar açır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub ki, bu da iqtisadi və sosial inkişaf baxımından olduqca əhəmiyyətlidir.

Eyni zamanda bu ərazilərdə 30 illik işğalın izləri dünyaya təqdim edilmək üçün saxlanılacaq. Zəfər Muzeyi və açıq hava altında yeni salınan işğal muzeyi 44 günlük müharibənin hər bir gününü özündə əks etdirəcək.

Beləliklə, azad olunmuş ərazilərimizdə bərpa prosesinin kompleks şəkildə aparıldığını görürük. Dövlət başçısı da qeyd etdi ki, azad olunmuş bütün ərazilərimizin baş planı hazırlanır. Mədəniyyət paytaxtımız Şuşanın Baş Planı bir müddətdən sonra təsdiqlənəcək. Füzuli və Cəbrayıl, eləcə də digər şəhərlərin Baş Planları üzrə iş gedir. Bu, o deməkdir ki, bütün ərazilərdə bərpa prosesi sürətlə və sistemli formada davam etdiriləcək”.

Deputat qeyd edib ki, ən vacib məqam isə baş planla şəhərin yerli sakinlərinin tanış olmasıdır: “30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın bərpa prosesinin detalları ilə tanışlığı olduqca vacibdir. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”.

Teqlər: