Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən mərazlıqların minalanmasına dair dəqiq məlumatlar var.
Bu barədə AzerTimes-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və.s yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib:
“2021-ci ildə Ağdam rayonunun Yusifcanlı kənd mərazlığında 2 nəfər mülki şəxsin həlak olması, 2 nəfərin xəsarət alması, həmçinin son hadisə olaraq 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndi məzarlığında 1 nəfər şəxsin həlak olması, digər birinin xəsarət alması ilə nəticələnən mina hadisələri buna sübutdur.
Məzarlıqların, insanların müqəddəs yerlərinin, eyni zamanda, mədəni-tarixi abidələrə gedən yolların, bu yerlərin ətrafının, az sayda dağıdılmamış evlərin və həyətyani sahələrinin minalanması, o cümlədən tələ minaları ilə kütləvi şəkildə çirkləndirilməsi insanlığa qarşı törədilmiş cinayətdir”.