Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat
Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub.
TƏBİB-dən AzerTimes-a verilən
məlumata görə, qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən
Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi İradə
Axundovaya həvalə olunub. Vüqar Qurbanov bu gündən etibarən
vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim
edib.
Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov İradə Axundovanın
səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətinin
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun inkişafında
müstəsna rol oynayacağına inandığını bildirib.
O mövcud neqativ halların qısa zamanda aradan qaldırılması,
tibbi xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun
təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, İradə Axundova Dövlət Tibb
Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb.
İxtisasca pulmonoloq olan İ.Axundova F.Əfəndiyev adına 4 nömrəli
Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm
Əleyhinə Dispanserdə həkim- intern (ftiziatr), Elmi-Tədqiqat
Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri
və İnstitutun direktor müavini kimi çalışıb.
Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun
Elmi katibi kimi fəaliyyət göstərib.
Dəfələrlə xarici ölkələrdə ağciyər xəstəlikləri ilə bağlı
keçirilən seminar və konfranslarda ölkəmizi təmsil edib.
İ.Axundova 200-dən çox elmi məqalənin müəllifidir. Tibb elmləri
namizədidir