Ağcabədidə saxta COVİD pasportu satan həkimlərlə bağlı cinayət işi başlandı

Xəbər - Samir Əli – Trend:

“Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılıb.
Ağcabədi rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə “COVİD-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.


Teqlər: