Ağcabədi və Ağdam rayonlarında KOB dostları fəaliyyətə başlayıb (FOTO)

Martın 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə Qarabağ iqtisadi rayonuna daxil olan
Ağcabədi və Ağdam rayonlarında sahibkarlarla görüşlər keçirilib,
eləcə də müvafiq rayonlarda KOB dostları fəaliyyətə başlayıb.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, bununla da Qarabağ
iqtisadi rayonu üzrə KOB dostlarının sayı 4-ə çatıb. Hazırda KOB
dostları ölkənin 30 şəhər və rayonunu əhatə edir.

Ağdam rayonu üzrə KOB dostu ofisi Heydər Əliyev Mərkəzində,
Ağcabədi rayonunda isə Bayraq Muzeyində yerləşir. KOB dostu
ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün
lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB
könüllüləri” də fəaliyyət göstərir.

Yerli icra hakimiyyətlərinin başçılarının, sahibkarların və
onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı
ilə keçirilmiş görüşlərdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov Agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, eləcə
də KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro,
kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı
məsələlərə dair KOB dostuna müraciət edə bilərlər. KOB dostları
müvafiq rayonlarda yeni sahibkarlıq subyektlərinin yaranmasına və
mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində
təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri, o
cümlədən Agentliyin xidmətləri çərçivəsində sahibkarlara zəruri
dəstək göstərəcək. KOB dostları həmçinin, sahibkarların
maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin
həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması
çərçivəsində müvafiq tədbirlər görəcək, sahibkarların inkişaf
ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək.

Orxan Məmmədov KOB dostu şəbəkəsinin ölkənin əksər şəhər və
rayonlarını əhatə etdiyini qeyd edərək sahibkarları KOB dostları
ilə fəal əməkdaşlığa dəvət edib. Həmçinin, işğaldan azad edilmiş
ərazilərimizə investisiya qoyuluşu və biznes layihələrinin
reallaşdırılması ilə bağlı məsələlərin qarşıdakı dövrdə Agentliyin
strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən olduğu,
Qarabağ iqtisadi rayonunda biznes fəaliyyəti ilə məşğul olmaq
istəyən sahibkarların KOBİA-ya müraciət edə biləcəyi diqqətə
çatdırılıb.

Görüşlər çərçivəsində KOB dostu mexanizmi, KOBİA-nın mikro və
kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub,
sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Həmin gün həmçinin, Ağdamda “Gənclərin biznes emalatxanası”
layihəsinə start verilib, layihəyə cəlb olunmuş peşə təhsili alan
gənclərlə görüş keçirilib. Qeyd edək ki, “Gənclərin biznes
emalatxanası” KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili
üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihənin
məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf
etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması,
özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar
arasında peşə təhsili almış gənclərin sayının artırılmasıdır. Aprel
ayında Ağdam rayonunda peşə təhsili alan gənclər üçün KOBİA-nın KOB
inkişaf mərkəzi tərəfindən biznes təlimlərinə başlanılacaq.
Təlimləri uğurla başa vuracaq gənclərin seçdikləri fəaliyyət
sahələri üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq
avadanlıqlarla təmin olunması nəzərdə tutulur.

Teqlər: