Ağcabədi rayonunda tapılmış yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb

Əvvəllər kütləvi informasiya vasitələrində və sosial media səhifələrində xəbər verildiyi kimi, 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılmış və onun səhhətinin normal olması müəyyən edilib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası – Bərdə rayon sakini müəyyən edilmiş, sonuncu ilə profilaktik söhbətlər aparılmış, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.


Teqlər: