Xəbər - Cani Babayeva – Trend:
Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında çıxış
edən Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli
qarışıq cütlüklər arasında temp hərəkətlərində və ümumi proqramda
finala vəsiqə qazanıblar.
Trend-in məlumatına görə, temp hərəkətlərində
cütlük 29,090 xal toplayıb.
Onlar təsnifat mərhələsini ikinci yerdə başa vurublar.
İdmançılar ötən gün balans hərəkətlərində də 28,760 xalla finala
çıxıblar. Cütlük iki hərəkətin cəmində 57,850 toplayaraq ümumi
proqramda da finala vəsiqə qazanıblr.
Qarışıq cütlüklərdə Azərbaycanı təmsil edən Sabir Ağayev və
Mehriban Salamova isə finala çıxa bilməyib.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.
(Tərcümə: Orxan Nəbiyev)