Xəbər - Samir Əli – Trend:
Gəncə şəhəri Nizami rayonu ərazisində ağacların qanunsuz olaraq yerindən çıxarılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.
Gəncə şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ərazidə yerləşən qeyri-yaşayış binasının tikintisini, özəlləşdirilməsini və digər işlər aparmasını etibarnamə əsasında əldə etmiş Gəncə şəhər sakini Ədalət Heydərov Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən həmin tikinti obyekti ilə bağlı sənədləri hazır etdikdən sonra obyektin ərazisində yerləşən ağaclıq-kolluq sahəni çıxarıb digər bir yerə əkilməsi hüququnu əldə etdiyini düşünərək qeyd olunan ünvandakı obyektin qarşısında olmuş 27 ədəd kolu və 2 ədəd ağacı qanunusuz olaraq çıxarıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Twitter: @GuleliyevSamir