Azərbaycanla Ermənistan arasında sülh məsələlərində hazırkı çıxılmaz vəziyyət Ermənistan tərəfindən yaradılıb.
AzerTimes xəbər verir ki, bu fikirləri Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov bölüşüb.
“Gəlin dürüst olaq – hazırkı çıxılmaz vəziyyət məhz Ermənistan tərəfindən yaradılıb. İrəvan hazırda ATƏT-in Minsk Qrupunu canlandırmağa çalışır. Erməni siyasətçilərinin məntiqi haradadır? İndiki vəziyyətdə Fransa və ABŞ nümayəndələrini Rusiya nümayəndəsi ilə bir yerdə necə təsəvvür etmək olar? İrəvan üçün çıxış yolu yalnız bir dənədir, həm də bu, düzgün və real çıxış yoludur – bu, Bakı ilə danışıqları uzatmamaq, həmçinin Azərbaycanla mehriban qonşuluq münasibətləri yaratmaqdır”, – deyə o bildirib.
Ağacanov əlavə edib ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiyaya hazırlaşmalıdırlar:
“Qarabağ ermənilərinə gəlincə, onlar başa düşməlidirlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya tədricən gedəcək. Onlar bu prosesə hazırlaşmalı, 30 ildən artıq müddətdə onlara yaxşı heç nə gətirməyən, həmçinin onların normal gələcəyini şübhə altına alan separatizmdən imtina etməlidirlər. İnteqrasiya, ilk növbədə, ermənilərin özlərinə fayda verəcək”.