Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir (FOTO)

Bakı Ağ Şəhər ərazisində su təchizatı və kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirləri davam edir. “Azərsu” ASC tərəfindən layihənin Baş Planı çərçivəsində beynəlxalq tikinti normaları və qaydalarına uyğun olaraq yağış suları ötürücüləri məişət suları ötürücülərindən ayrı layihələndirilib və inşa edilir.

AzerTimes-ın məlumatına görə, tədbirlər planına uyğun olaraq layihənin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılan yağış sularının kənarlaşdırılması üçün yağış suları ötürücüləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır.

Layihənin davamı olaraq Nobel prospekti boyunca 1000 mm diametrli dəmir-beton borularla tikilmiş kollektor Nobel prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindən Ağ Şəhər bulvarına tərəf 2500×1500 mm ölçülü dəmir-beton qutu kollektor vasitəsilə davam etdirilib. Bununla ərazidəki yağış sularının kanalizasiya sularına qarışmadan kənarlaşdırılması mümkün olacaqdır.

Qeyd etmək lazımdır ki, yol və səkilərdə səth sularının ötürülməsi üçün Baş Plan çərçivəsində layihələndirilmə zamanı yolların və səkilərin mailliyinə xüsusi əhəmiyyət verilib.

Qoşulmanın həyata keçirilməsi nəyinki Ağ Şəhərdə, həmçinin qonşu ərazilərdə də yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi təmin edəcək.

Ümumilikdə son illər ərzində Bakı Ağ şəhər layihəsi çərçivəsində şəhər sakinlərini narahat edən yağış sularının kollektora ötürülməsi üçün uzunluğu 20 km-dən artıq olan müxtəlif diametrli borular çəkilmiş və uzunluğu 1.2 km-dən artıq yağış suyu kollektorları tikilmişdir.

Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

Teqlər: