Ağ Ev Bayden və Putin arasında gələcəkdə təmasların olmasını istisna etməyib

ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında gələcəkdə təmaslar mümkündür, çünki onların əlaqələri davam etdirmək barədə razılığı var.

AzerTimes-ın məlumatına görə, bunu Ağ Evin nümayəndəsi Cen Psaki deyib.

C.Psaki bildirib: “Gələcəkdə nə vaxtsa ABŞ prezidentinin Rusiya prezidenti ilə danışacağını istisna etmirəm”.

Onun sözlərinə görə, bu ilin iyununda C.Bayden və V.Putinin görüşündən sonra tərəflər yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər və o vaxtdan ABŞ və Rusiya bu istiqamətdə fəaliyyətini davam etdirir.

Xatırladaq ki, ötən gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnlistlərə bildirib ki, V.Putin və C.Bayden arasında təmaslar gözlənilir, lakin dəqiq tarix hələ müəyyən edilməyib.