Rusiya Ukrayna ilə taxıl sazişini uzatmadıqdan sonra beynəlxalq münasibətlərdə yeni gərginlik ocağı yaranıb. Rusiya Prezidenti Vladimir Putin taxıl sazişinin imzalanmasında əsas rol oynayan iki əsas vasitəçini – Birləşmiş Millətlər Təşkilatını və Türkiyəni pis vəziyyətdə qoyub. Putin bu mövzuda BMT Baş katibi Antonio Quterreş və Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla müzakirəni davam etdirməyə həvəsli deyil.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın taxıl sazişindən çıxması Afrika ölkələrinə mənfi təsir edib:
“Rusiya taxıl sazişindən çıxmaqla Ukraynaya öz taxılını müxtəlif ölkələrə, o cümlədən Afrika qitəsinə çatdırmasının qarşısını alıb. Rusiya taxılı daşımaq məqsədilə Ukrayna limanlarına yaxınlaşan gəmiləri hədəf götürüb. Rusiya həm də taxılın toplandığı Ukrayna limanlarına zərbələr endirib.
Kreml eyni zamanda anlayır ki, Qara dəniz üzərindən taxılın daşınmasına yaratdığı əngəl Rusiyanın Afrika ölkələri ilə münasibətlərinə mənfi təsir edir. Kreml sahibi Vladimir Putin münasibətlərin normallaşması məqsədilə Sankt-Peterburqda Rusiya-Afrika sammitinin keçirilməsinə qərar verdi. Toplantıya bir sıra Afrika ölkəsinin lideri qatıldı. Putin toplantıdakı çıxışında günahı həmişəki kimi Qərbin üzərinə atdı. Putinin məntiqinə görə, Rusiya taxılının Qara dəniz üzərindən Afrika ölkələrinə çatdırılmasını Qərb ölkələri əngəlləyir. Halbuki Rusiya Ukraynanın Qara dəniz limanlarına zərbələr endirdiyinə görə bölgədə ümumilikdə gəmilərin hərəkəti məhdudlaşıb.
Putinin çıxışından o da aydın oldu ki, Rusiya Ukrayna taxılının bundan sonra da daşınmasına imkan verməyəcək. Kreml sahibi Afrika ölkələrinə yalnız Rusiya taxılını məsləhət görüb: “Ukrayna 47 milyon ton taxıl ixrac etdiyi halda Rusiyanın taxıl ixracı gücü 60 milyon tondur. Dünya taxıl bazarının 20 faizi Rusiyaya aiddir”. Putin bu rəqəmləri səsləndirməklə demək istəyib ki, guya Rusiya Afrika ölkələrini ac qoymayacaq, hətta lazım gələrsə, “taxıla və onun Afrika ölkələrinə çatdırılmasına görə pul da istəməyəcək”. Putinin sonuncu cümləsi tədbirə dəvət edilən Afrika ölkələrinin liderlərinə pis təsir edib. Onlar çıxışlarında pulsuz taxıl istəmədiklərini, sadəcə Ukrayna taxılının da ixracına şərait yaradılması vacibliyini bildirdilər. Sankt-Peterburq toplantısında iştirak edən Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa daha sərt cümlə işlətdi: “Biz buraya hədiyyələr istəməyə gəlməmişik”. Bununla Rusiya-Afrika sammiti nəticəsiz qalıb.
Rusiyanın “taxıl sazişindən” imtinası strateji tərəfdaşı olan Çinin də maraqlarına mənfi təsir edib. Çünki Çin Ukrayna taxılını alan ölkələrdən idi. Çin ucuz qiymətə Ukraynadan milyonlarla ton taxıl idxal edirdi. Rusiya Ukrayna limanlarını bombalayarkən, Çin üçün nəzərdə tutulmuş taxıl anbarına da zərbə vurub. Bu səbəbdən Çinin yenidən xarici işlər naziri təyin olunan Van Yi ilk xarici səfərini Türkiyəyə edib. Onun Ankarada müzakirə etdiyi mövzular içərisində taxıl sazişi də olub. Türkiyə və Çin mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Ankara və Pekin Kremli ittiham etmək istəmirlər, ancaq Rusiyanın taxıl sazişinə qayıtması üçün diplomatik fəallıqlarını artırmağı qərar veriblər”.
Politoloq xatırladıb ki, Rusiya öz taxılının müxtəlif ölkələrə çatdırılmasının alternativ yolları barədə düşünür. Bunlardan biri Volqa çayı və Xəzər dənizi üzərindən taxılın İrana, oradan isə Bəndər Abbas limanından məhsulun müxtəlif ölkələrə, o cümlədən Çinə çatdırılmasıdır:
“Bu planın reallaşması problematikdir. İranın özündə yol infrastrukturu böyük həcmdə Rusiya taxılının daşınmasına imkan vermir. Digər tərəfdən Çin Rusiya ilə sıx tərəfdaşlıq münasibətləri qursa da, taxılı Ukraynadan almaq istəyir”.