“Bu uşağı döymək lazımdır”, “Bu uşağı öldürmək vacibdir”, “Niyə bir kişi çıxıb bunu öldürmür?” kimi söhbətlər, yəqin ki, son zamanlar sosial şəbəkədə hər kəsin qarşısına çıxıb. Bu şiddət çağırışları etdiyi qeyri-etik hərəkətlərini çəkib paylaşan bir yeniyetməyə qarşıdır. Doğrudanmı çıxış yolu öldürməkdir?! Bununla hər şey demirəm, heç olmasa, nələrsə düzələcəkmi?
Əlbəttə ki, Afiyəddin Cəlilov adlı yeniyetmənin etdiyi bəzi hərəkətlər adamların heysiyyatına toxunur. Fəqət, kimsə bu nəticəni doğuran səbəblərdən danışmır.
Əvvəla, əgər hər qeyri-etik davranan kəsi öldürmək lazım olsaydı, dünyada nə qədər adamı edam kötüyünə sürükləmək lazım gələrdi? Məgər yeniyetmə ikən yanlış edən və yanlışını qanmayan tək o uşaqdır?
Normal insan da bir yeniyetmənin məhvini bu qədər rahatlıqla arzulaya bilər? Öz balanız belə olsa, buna necə reaksiya verərdiniz?
İkincisi, tərbiyəsi yerində deyil, psixi problemləri var: axı o, uşaqdır, ağlı müəyyən qədər kəsməyə bilər və ən əsası da səhvlərindən nəticə çıxarmaq üçün qətiyyən gec deyil!
Üçüncüsü, daha ədalətli davranaq: narkotik aludəçisidir, kiminsə ailəsinə sataşıb, qətliam törədib, kütləvi məkanda zor tətbiq edib, atəş açıb, kiməsə təcavüz edib?
Bunların hansını edib, nə günaha girib?
Allah evini yıxsın Tiktokun: uşaqların, yeniyetmələrin beynini yuyur. Yüzlərlə, minlərlə videolar çıxır qarşısına, uçaq da az ağlıyla sanır ki, bu da “qeyri-adi” hərəkətlər edə bilər…
Atası hər kəsdən üzr istədi və belə görünür ki, övladının tərbiyəsinə bundan sonra daha çox diqqət ayırmamağın əzabını çəkir.
Yeri gəlmişkən, anasının onun boynuna psixi xəstəxanada necə sarıldığını gördünüzmü? O fotonu izlədinizsə, uşaq sayıla bilən 14 yaşlı yeniyetmənin bir ailə, bəlkə də bir nəsil üçün dəyərini anlamaq bu qədərmi çətindir?
Həm də ailənin ona verdiyi dəyər daşıdığı adıdır – Afiyəddin.
Baba Afiyəddin terrorun qurbanı oldu, bu dövlət üçün canını verdi.
Bu xalq indiki qüdrətli halında nəvənin də babasının aqibətini yaşamasını arzulamamalıdır…
Əksinə, Afiyəddin Cəlilovun qeyri-adekvat hərəkətlərində öz günahımızı da axtaraq: bayağı, mənasız, dəyərlərimizi dağıdan efirlər sosial şəbəkələr qədər uşaqlarımızın tərbiyəsinə mənfi mənada təsir edir. Biz hansının qarşısını cəmiyyət olaraq alırıq?
Afiyəddin və ya afiyəddinlər artıq ailə yox, efir “tərbiyəsi” ilə böyüyür.
Fəsadlarını hələ görəcəyik – bu, hələ harasıdır ki…