AFFA İntizam Komitəsi “Sabah” və “Neftçi” klubuna xəbərdarlıq edib, birincilərin baş məşqçisi Murad Musayevi cəzalandırıb.
AzerTimes xəbər verir ki, qurum adıçəkilən komandalar arasında keçirilən Azərbaycan Premyer Liqasının III turunun oyununda qeydə alınan neqativ hallara görə bir sıra qərarlar verib.
Qarşılaşma zamanı hər iki klubun azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, komandalara xəbərdarlıq olunub.
1:1 hesabı ilə başa çatan matçın sonlarında oyunun bərpasını ləngitdiyi üçün qırmızı vərəqə alan “Sabah”ın baş məşqçisi Murad Musayev 1-i şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. Həmçinin, “Sabah” buna görə 1000 manat cərimələnib. Rusiyalı mütəxəssisə 3 aylıq sınaq müddəti təyin edilib.
Görüş zamanı “Sabah”ın 7, “Neftçi”nin isə 5 futbolçusu sarı vərəqə alıb. Bu, hər iki klubun 700 manat məbləğində cərimə edilməsinə səbəb olub.