AFFA İntizam Komitəsi “Neftçi”ni 800 manat məbləğində cərimələyib.
AzerTimes Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna “ağ-qaralar”ın səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdiyi Premyer Liqanın XIII tur oyununa gecikməsi səbəb olub.
“Gənclik şəhəri” təmsilçisi isə stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilməməsinə görə eyni məbləğdə cərimə ödəyəcək. Bundan başqa, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə klub 4000 manat ziyana düşüb. 44 yaşlı mütəxəssis isə 5 oyunluq diskvalifikasiya olunub.
“Səbail” – “Sabah” (0:2) oyununda PFL-in futbol himninin səsləndirilməməsi meydan sahiblərinə 800 manata başa gəlib.
“Turan Tovuz” – “Şamaxı” (1:3) görüşündə təcili tibbi yardım maşını başlama vaxtına gecikdiyinə görə Tovuz təmsilçisi 1 600 manat cərimə edilib.
Həmçinin, qonaq komandanın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə ödəyəcək. Mütəxəssis isə 5 oyunluq cəzalanıb.
Sözügedən qarşılaşmada hər iki komandanın texniki zonasında oturan şəxslər A buraxılış vəsiqələrini taxmadıqlarına görə klublar 800 manat cərimələnib.
“Qəbələ” isə evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəldiyi matçda 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb.