AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır.
AzerTimes xəbər verir ki, bunu Report-a çıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.
9 avqustda keçirilmiş matçda erməni millətçiləri ingilis dilində “Qarabağ Ermənistandır” və “Kosovo Serbiyadır” sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində “Axavnonu (Laçının Zabux kəndi) vermərik” sözü yazılmış pankart əks etdirib.
Bütün bunlarla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək: “Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq”.
Qeyd edək ki, Zabux kəndi 1992-ci ilin mayında işğal olunub. Bu kəndin ərazisində Azərbaycan tərəfinin alternativ yol tikməsi üçün erməni sakinlərə avqustun 25-dək ərazini boşaltmaq barədə xəbərdarlıq edilib.