Danışılmış oyunlar şübhəsi ilə araşdırılan başqa matçlar da var.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
Milli assosiasiya rəsmisi danışılmış oyunlarda iştirak etmiş I Divizion təmsilçisi MOİK-in 6 futbolçusunun AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib.
Baş katib qərarın faktlara söykəndiyini söyləyib:
“AFFA İntizam Komitəsinin futboldan uzaqlaşdırılan şəxslərlə bağlı qərarı faktlar əsasında verilib”.
Sərxan Hacıyev futbol fəaliyyətdən ömürlük məhrum edilən Samir Hüseynov adlı şəxsin isə klubda çalışmadığını bildirib:
“O, klub rəsmisi deyil. Həmin şəxs sadəcə, bu məsələdə iştirak edən vətəndaşdır”.
Qeyd edək ki, MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiklərinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub. Samir Hüseynovun isə AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olması qadağan edilib.