ADY özəl şirkətlərə maneələr yaradır – Rəsmi

ADY özəl şirkətlərə maneələr yaradır – Rəsmi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.

Dövlət Xidmətindən AzerTimes-a məlumata görə, işə baxılması zamanı Cəmiyyətin özəl şirkətlərin fəaliyyətlərinə maneələr yaratması, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərini pozması müəyyən olunub.

Qərara əsasən, Cəmiyyətə məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması və yükdaşıma sahəsində sifarişlərin icra edilməsi, vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi, güzəşt və tariflərin daşınan yükün növləri üzrə sahibkarlıq subyektləri arasında ayrı-seçkilik yaradılmadan sağlam rəqabət prinsipləri qorunmaq şərti ilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada müəyyən edilməsi, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiq edilməsi barədə Cəmiyyətə göstəriş verilib və icrası üçün konkret tarixlər müəyyənləşdirilib.

Göstərişdə həmçinin, yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənədlərin layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi və sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması ilə sərnişin vaqonlarından daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması də nəzərdə tutulur.

Qərarda ADY-dən təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər də öz əksini tapıb.

Teqlər: