“ADY Konteyner” MMC ilə Avstriyanın “Rail Cargo” şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb (FOTO)

Avstriyada işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin
“Avstriya Federal Dəmir Yolları” SC-nin (ÖBB) sədri Andreas Matte
ilə görüşü keçirilib.

QSC-dən AzerTimes-a bildirilib ki, tərəflər iki ölkə arasında
iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında dəmir
yolu ilə multimodal yükdaşımaların rolunu xüsusi qeyd ediblər.

Görüşdə əsasən regionda yaranmış vəziyyət fonunda Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından daha səmərəli
istifadə üzrə birgə səylərin artırılması, Çin-Avropa-Çin və Orta
Asiya-Avropa-Orta Asiya istiqamətində multimodal dəmir yolu
yükdaşımalarının həcminin artırılması məsələləri müzakirə
edilib.

Qeyd olunan istiqamətlərdə birgə fəaliyyətlər və tərəfdaşlıq
əlaqələrinin gücləndiriməsi “Azərbaycan Dəmir Yolları” QSC
nümayəndələrinin Avropanın aparıcı yükdaşıma şirkətləri olan “Rail
Cargo”, “Metrans” və “Bahnoperator” nümayəndələri ilə
ayrı-ayrılıqda keçirilən ikitərəfli görüşlərdə də diqqət mərkəzində
olub.

“Rail Cargo” şirkəti 18 ölkədə fəaliyyət göstərir, 12 beynəlxalq
logistika mərkəzinə və 16 terminala malikdir. Şirkətin illik
yükdaşıma həcmi təqribən 94 milyon ton təşkil edir. Metrans şirkəti
həftədə 200 blok qatarın göndərilməsini təmin edir. İllik yükdaşıma
həcmi isə 1,4 milyon TEU təşkil edir. Bahnoperator Çin-Avropa
istiqamətindən həftədə 20 konteyner qatarı yola salır. Bu, kifayət
qədər böyük rəqəmlərdir.

Mərkəzi və Cənubi Avropada fəaliyyət göstərən bu şirkətlərin
fəaliyyəti habın Şimali Avropadan Cənubi və Mərkəzi Avropaya
keçməsinə və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yüklərin
həcminin saxlanılmasına xidmət edir.

Səfər çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə
şirkəti olan “ADY Konteyner” MMC ilə Avstriyanın “Rail Cargo”
şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Tərəflər Avropadan Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən keçməklə
multimodal dəmir yolu yükdaşımaları, həmçinin yüklərin Rumıniyanın
Konstanta Limanından Gürcüstanın Poti limanına, daha sonra Orta
Asiya və Çin istiqamətində fasiləsiz və sürətli çatdırılmasını
təmin etmək üçün birgə çalışacaqlar. Bu kontekstdə ADY Konteyner
şirkəti həmçinin Gürcüstanın “GR Logistics” və “KTZ Express”
şirkətləri ilə birgə, ASCO-nun dəstəyi ilə Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu çərçivəsində Poti-Konstanta limanları arasında
fəaliyyət göstərəcək fider gəmisi ilə konteynerlərlə yükdaşımalar
həyata keçirməyə başlayır. “Şair Vaqif” gəmisi ayda 10 gün olmaqla
ay ərzində üç dəfə olmaqla qeyd olunan limanlar arasında reys
həyata keçirəcək. Hər reysdə gəmi vasitəsilə ilə iki blok qatar
daşınacaq.

Teqlər: