Azərbaycan Dillər Universitetinin tələbələri pedaqoji və
istehsalat təcrübəsinə başlayıblar. Universitetin İctimaiyyətlə
əlaqələr şöbəsindən verilən məlumata görə, pedaqoji təcrübədə
iştirak edən tələbələr 16 fevral tarixindən başlayaraq 14 həftə
ərzində Bakı şəhərində yerləşən məktəb və liseylərdə, özəl təhsil
müəssisələrində təcrübə keçirlər.
Təhsil 1, Təhsil 2, Filologiya fakültələrinin və “Sabah”
qruplarının pedaqoji ixtisaslarda təhsil alan sonuncu kurs
tələbələrinə təcrübə müddətində universitet tərəfindən ayrılmış
müəllimlər və orta təhsil müəssisələrinin əməkdaşları rəhbərlik
edəcək.
İstehsalat təcrübəsi keçən Beynəlxalq münasibətlər və
regionşünaslıq, Tərcümə və Filologiya fakültələrinin tələbələri
eyni tarixlərdə dövlət və qeyri-dövlət təşkilatlarına, bir sıra
xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə
göndəriliblər. Onların təcrübə keçdikləri səfirliklər arasında
İndoneziya, Pakistan, Meksika, Venesuela və Serbiyanın ölkəmizdəki
səfirlikləri var.
Qeyd edək ki, təcrübəyə hazırlıq mərhələsində bütün fakültələr
üzrə tələbələrlə təcrübə rəhbərləri arasında görüşlər keçirilib,
təlimlər təşkil olunub. Təcrübəçilərin təşkilatlarda fəaliyyəti ilə
bağlı xüsusi göstərişlər verilib, təcrübə yerində nizam-intizam
qaydalarına ciddi əməl olunması diqqətə çatdırılıb.
Eyni zamanda Covid-19 pandemiyası ilə bağlı tələblər bir daha
təcrübəçi tələbələrin diqqətinə çatdırılıb və bu tələblərə ciddi
əməl olunması xüsusi vurğulanıb.