Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüşüb. Rektor səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Kamal Abdulla bildirib ki, ötən görüşlərdə təməli atılan ideyalar artıq son mərhələdədir: “İnanıram ki, universitetimizdə açılacaq Pakistan dil və mədəniyyət mərkəzinin açılışı Pakistanlı və Azərbaycanlı gənclər üçün, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq.”
Rektor ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Universitetdə 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzinin uğurlu işindən danışan Kamal Abdulla qeyd edib ki, Vətən müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Rektor yaxın günlərdə Şuşa şəhərində olan səfirdən təəssüratlarını bölüşməyini rica edib. Səfir Bilal Hayee rektora təşəbbbüskarlığı, ideyaları dəstəklədiyi üçün təşəkkür edərək deyib: “Şuşa unudulmaz şəhərdir, möhtəşəm iqlimi var, bir gecə orada qalmaq bizim üçün unudulmaz xatirədir. Oradan Xankəndi də görünürdü, inanıram ki, tezliklə ora da öz sahiblərinə qayıdacaq. Mən Şuşadan bir videonu sosial şəbəkələrdə paylaşdım, geniş reaksiya doğurdu, eyni zamanda, ermənilərdən təhdid mesajları da aldım.”
Rektor öz növbəsində deyib ki, Azərbaycan tarixən multikultural ölkə olub, bizim torpaqlarda müxtəllif dillərin, dinlərin və irqlərin nümayəndləri həmişə birlikdə yaşayıblar: “Siz bir də Qarabağa gedəndə oraların qısa zamanda necə dirçəldiyini görəcəksiniz”.
Kamal Abdulla bildirib ki, Azərbaycanda açılacaq Pakistan dil və mədəniyyət mərkəzi Pakistanın Azərbaycanda ilk mədəni məkanı olacaq və inanıram ki, öz fəaliyyəti ilə ölkəyə, regiona səs salacaq.
Görüşdə ADU-nun elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova müxtəlif istiqamətlərdə universitetlərarası əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, ADU-da fəaliyyətə başlayacaq Pakistan dil və mədəniyyət mərkəzinin ekvivalenti kimi Pakistanın ən böyük universitetlərindən biri olan Kəraçi Universitetində Azərbaycan dil və mədəniyyət mərkəzi açılacaq.