ADU-nun rektoru Çilinin müvəqqəti işlər vəkili ilə görüşüb (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal
Abdulla Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili
Fidel Coloma Grimberglə görüşüb.

Rektor diplomatı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən
məmnun olduğunu bildirib:

“Biz sizinlə əməkdaşlığa, Çili mədəniyyəti ilə, ədəbiyyatı ilə
daha dərindən tanış olmağa hazırıq. Arzu edərdik ki, Çili
universitetlərinin biri ilə ciddi əməkdaşlığımız başlasın. İnanıram
ki, bizim sıx əlaqələrimiz yaransa, Çilidə ictimaiyyətin Azərbaycan
haqqında təsəvvürləri daha da dolğunlaşacaq, eyni zamanda
Azərbaycanda Çili haqqında təsəvvürlər genişlənəcək. Bu isə bizim
ispandilli ölkələrlə əlaqələrimizin bütöv və dolğun olmasına
gətirib çıxaracaq. Çili olmadan bu bütövlüyü təmin etmək mümkün
olmayacaq. Qarşılıqlı əlaqələrin qurulması hər iki ölkənin
mədəniyyətinin öyrənilməsində, araşdırılmasında müstəsna rol
oynayacaq.”

Rektor daha sonra ADU-da fəaliyyət göstərən dil və mədəniyyət
mərkəzləri haqqında məlumat verib, qonağı universitetin “Səfir
saatı” layihəsində tələbələrlə görüşə dəvət edib.

Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel
Coloma Grimberg ADU-nun Çilidə xarici dillərin tədrisini həyata
keçirən universitetlərdən biri ilə sıx əməkdaşlığının qurulmasının
zəruriliyinə diqqət çəkib. Diplomat qeyd edib ki, bunun üçün
təşəbbüslə çıxış edəcək, danışıqlar aparacaq: “İnanıram ki,
əlaqələrimizin qurulması və inkişaf etdirilməsi tədricən öz müsbət
nəticəsini verəcək. Müəllim-tələbə mübadiləsinin aparılması, elmi
konfransların təşkil olunması və dil öyrənmə bacarıqlarının əldə
olunması əməkdaşlığımız üçün yeni perspektivlər yaradacaq.”

Görüş qarşılıqlı əlaqələr və əməkdaşlıq münasibətlərinin
imkanlarının müzakirəsi ilə davam edib.

Teqlər: