Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində Konfutsi İnstitutu və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Çin mədəniyyəti” adlı silsilə tədbirlərə başlanılıb.
Seminar Çin Xalq Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Seminarda çıxış edən Azərbaycan Dillər Universitetinin Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova miqrasiya könüllülərinə Çin Xalq Respublikasının yaranma tarixi, Azərbaycan-Çin arasında dostluq və əməkdaşlıq əlaqələri, Konfutsi İnstitutunun yarandığı gündən ölkəmizdə Çin dili və mədəniyyətinin inkişafı yolunda gördüyü işlər, Çin dili və beynəlxalq çin dili imtahanları haqqında ətraflı məlumat verib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bu cür əməkdaşlığın və layihələrin həyata keçirilməsinin ölkəmizdə bu sahəyə marağın hər gün artığının göstəricisi olduğunu bildirib. R.Abbasov Konfutsi İnstitutunun Heydər Əliyev Fondu, Rəssamlıq Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Musiqi Akademiyası ilə qurulan əlaqələr və görülən işlərlə bağlı da ətraflı məlumat verib.
Eyni zamanda, Konfutsi İnstitutunun keçirdiyi ənənəvi Çin Payız Ortası Festivalına həsr olunmuş sentyabr ayında dolunay fotoşəkillərinin tanıtımı aksiyasında iştirak edən tələbələrin əl işləri də nümayiş olunub. Bu bayramın vaxtilə Azərbaycanda keçirilən tarixi Kövsəc mərasimi ilə oxşarlığı olduğunu və həmrəylik xarakteri daşıyan hər iki bayramın ailə üzvləri, yaxın qohumlar və dostlarla bir yerdə qeyd olunduğu da bildirilib.
Sonda seminarları uğurla keçən könüllülər üçün xüsusi Çin dili kurslarının keçiriləcəyi də bildirilib.