Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbələri beynəlxalq onlayn Çin dili dərslərini davam etdirirlər. Şərqi Çin Pedaqoji Universitetinin rəhbərliyi ilə həyata keçirilən layihədə tələbələr çinli pedaqoqlar tərəfindən çin dili biliklərini artırmaqla yanaşı, ölkə mədəniyyətinin müxtəlif sahələrini əhatə edən dərslərlə də yaxından tanış olurlar. Çin dilində tədris olunan bu dərslərdə tələbələrimiz yerli xalqın həyat tərzini, şeir və hekayələrini öyrənirlər.
Layihənin iştirakçısı olan ADU Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova pandemiya dövründə tələbələrin bu cür proqramlarda iştirakının vacibliyini qeyd edib. Bununla yanaşı, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tələbələr arasında Çin dilinə olan maraq və istəklərin artamasından da danışıb. Azərbaycan-Çin əlaqələrindən bəhs edən R.Abbasov, bu əlaqələrin Çin dilinə olan təlabatı, digər bir tərəfdən isə çin dilini öyrənməyə artan marağın çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqəli olduğunu bildirib. Konfutsi İnstitutunun tələbələr üçün yaratdığı imkanlardan bəhs edən professor, pandemiya dönəmində yaranan məhdudiyyətlərdən də söz açıb. O, tələbələrin bu cür beynəlxalq onlayn layihələrdə iştirakı üçün Konfutsi İnstitutunun maarifləndirici seminarlar keçirdiyini də qeyd edib .