ADU-nun Konfutsi İnstitutunda Çin arzusu günü qeyd olunub (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Çinin milli bayramı – Çin Arzusu Gününə həsr olunmuş onlayn seminar keçirib.

Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin arzusu”nun üç əsas hədəfindən – Çinin zəngin, qüdrətli, demokratik, sivilizasiyalı və sosialist dövlətinə çevrilməsi, Çin millətinin dirçəldilməsi və xalq üçün xoşbəxt həyat yaradılmasından danışıb.

R.Abbasov 2021-ci il Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının yüzilliyi adı altında qeyd etdiyini vurğulayıb. ÇKP 1921-ci ildə yaradılıb, inqilabdan qalib çıxdıqdan sonra Çin Xalq Respublikası qurulub. Həmin vaxtdan ÇKP qəhrəman Çin xalqına Çin səciyyəli sosializm quruluşunun yaranması istiqamətində, həmçinin siyasi və iqtisadi islahatların aparılması, aşkarlıq və müasir sosializm yolunda, xalqın böyük dirçəlişi uğrunda mübarizədə və Çində orta təbəqənin olduğu firavan cəmiyyətin qurulması işində daim yorulmadan rəhbərlik edir.

R. Abbasov müsahibəsində son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə – Azərbaycanla Çin arasında humanitar sahədə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, bu, hər şeydən əvvəl, Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır.


R.Abbasov, həmçinin 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı ÇXR-in Sədri Si Cinpinlə dövlət başçımız “İpək Yolu iqtisadi zolağının” birgə genişlənməsi sahəsində qarşılıqlı anlaşma ilə bağlı Memorandum imzalayıb. Məhz bu Memorandum gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub.

Sonda Konfutsi İnstitutunun elan etdiyi “Çin arzusu və dünya” mövzusunda inşa müsabiqəsinin qaliblərinə diplomların təqdim edilməsi mərasimi keçirilib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək və müasir Çinin ictimai-siyasi həyatına marağı dəstəkləməkdir.

Teqlər: