ADU-nun Konfutsi İnstitutu “Çin mifologiyası” haqqında seminar keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu tərəfindən “Çin mifologiyası” silsiləsindən növbəti onlayn seminar keçirilib. Seminar Çində Cənnət İmperatriçəsi sayılan Matszuya həsr olunub.

Universitetin Çin dili müəllimi, Şərqi-Çin universitetinin magistri Samirə Məmmədova çıxışında bayramın yaranması tarixi barədə məlumat verib, Meyçjou adasında Matszunun şərəfinə öz məbədində təşkil olunan yarmarkalar və festivallardan, həmçinin haqqında gəzən əfsanələrdən bəhs edib. Qeyd edib ki, bu əfsanələrə görə o, dənizçiləri himayə edən ilahədir, daşqınların və tufanların baş verməsi, eləcə də səngiməsi məhz onun əmri ilə baş verir.

Məruzəçi onu da qeyd edib ki, 1949-cu ildən sonrakı mərhələdə materik Çini və Tayvan arasındakı əlaqələrin bərpasında Matsuya sitayişin mühüm rolu olub.

Seminarda çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “XXI əsrin Dəniz İpək Yolu”nun qurulmasında Çin strateji konsepsiyası haqqında danışıb, göstərib ki, iki min il əvvəl olduğu kimi, bu konsepsiya Cənub-Şərqi və Cənubi Asiya arasında, Yaxın Şərqin müsəlman ölkələri arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına və ənənəvi dini və mədəni dəyərlər mübadiləsinə, yaxın qonşuluq, aşkarlıq və tolerantlığın gücləndirilməsinə xidmət edəcəkdir.

Teqlər: