ADU-nun İspan dili mərkəzinin yaradılmasının 10 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) İspan dili mərkəzinin
yaradılmasının 10 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata
görə, mərasimdə səkkiz ispandilli ölkənin Azərbaycandakı səfiri
iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla İspan dili mərkəzinin
yaradılmasının 10 illiyinin qeyd olunmasını əlamətdar hadisə kimi
dəyərləndirib. Rektor qeyd edib ki, universitetdə ispandilli
ölkələrin dili, tarixi, mədəniyyəti və müasir dünyadakı yeri
tələbələr tərəfindən böyük maraqla öyrənilir:

“Bugünkü tədbirimizdə iştirak edən səfirlərə və bütün qonaqlara
təşəkkür edirəm ki, əlamətdar və gözəl gündə bizimlə bir
yerdədirlər. Bu mərkəz ispandilli ölkələrlə, universitetlərlə,
gəncliklə əlaqəmizin son dərəcə önəmli bir məkanıdır. Ümid edirəm
ki, İspan dili mərkəzimiz bundan sonra da ispandilli ölkələrin
universitetləri ilə əlaqələrini gözəl şəkildə quracaq və Azərbaycan
Dillər Universitetinin təkcə ispandilli tələbələri yox, başqa
ixtisaslarda oxuyan tələbələri də bundan faydalanacaqlar. Hər kəsi
bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm”.

Təntənəli yubiley mərasimində tələbələrin ifasında ispandilli
ölkələrin rəqsləri və mahnıları səslənib, müxtəlif məzmunlu
səhnəciklər təqdim olunub.

Qeyd edək ki, İspan dili Mərkəzi 7 may 2012-ci ildə Azərbaycan
Dillər Universiteti (ADU) və İspaniyanın Türkiyədəki səfirliyinin
təşəbbüsü ilə açılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi İspan
dili ixtisası üzrə təhsil alan tələbələrin ispan dili və
mədəniyyətini öyrənməsi, onların elmi araşdırmalarına dəstək olmaq,
tələbələri kitabxana, audio və video vəsaitlərlə təmin etmək,
onların beynəlxalq aləmə çıxışına yardım etmək, İspaniya,
ispandilli Latın Amerikası ölkələri və Azərbaycan arasındakı
əlaqələrin inkişafında rol oynaya biləcək yüksək ixtisaslı
kadrların yetişdirilməsinə yardımçı olmaqdır. İspan dili tərcüməçi
ixtisası üzrə təhsil alan tələbələr ispan dilini öyrənməklə yanaşı,
İspaniyanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış
olur. Bu istiqamətdə araşdırma aparmaq üçün mərkəzdə kifayət qədər
mənbə vardır ki, tələbələr bu mənbələrdən istifadə edirlər.
Mərkəzdə təxminən 690-a yaxın kitab resursuna malik, kifayət qədər
dolğun məlumatı özündə cəmləyən ispan, Azərbaycan və rus dillərində
kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir.
Kitabxanada olan kitablar mədəniyyət, tarix, siyasət, ədəbiyyat,
din və dil kateqoriyaları üzrə qruplaşdırılıb. Kitabxanadan
istənilən şəxs qeydiyyatdan keçərək istifadə edə bilər.

Mərkəz özünün fəaliyyəti dövründə bir sıra tədbirlərin
keçirilməsinə təşkilatçılıq edib. Mütəmadi olaraq ispan dilli
müəllim tərəfindən “Club de Conversación” (Danışıq klubu) təşkil
olunur. Azərbaycanda ispandilli ölkələrin rəsmi nümayəndəlikləri,
səfirliklər mütəmadi olaraq mərkəzdə keçirilən tədbirlərdə fəal
iştirak edir, tələbə və müəllimlərlə sıx əməkdaşlıq edirlər.

Teqlər: