ADU-nun əməkdaşları ECAR layihəsinin növbəti təlimində iştirak edir (FOTO)

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa
Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar
Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali
təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı
növbəti seminara start verilib.

Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf
etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən
seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral
Texnologiya Universiteti ev sahibliyi edir.

16-20 may tarixlərini əhatə edəcək tədbirə Azərbaycan
Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli və ölkəmizin
15 ali təhsil ocağının rəhbər şəxsləri qatılıb.

Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar
Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya
Universitetinin, Stockholm Universitetinin və Haaga-Helia Tətbiqi
Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.

Seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin
Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər –
2030 gələcəyə baxış” mövzusunda təqdimatı baş tutacaqdır.

Qeyd edək ki, təlimdə Azərbaycan Dillər Universitetinin Ümumi
işlər üzrə prorektoru Vüqar Mehrabov və Test mərkəzinin müdiri,
ECAR layihəsinin meneceri Bəyim Abdulla iştirak edir.

Teqlər: