Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və
monitorinq şöbəsinin rəhbəri, fəlsəfə doktoru Sayana Bağırova
Təhsil Nazirliyinin nümayəndələri ilə birgə Almaniyada Avropa
İttifaqının rəhbərliyi ilə Erasmus+ proqramı çərçivəsində təşkil
olunmuş, təhsil işçiləri və mütəxəssislər üçün nəzərdə tutulmuş
təlim kursunda iştirak edib.
Adıçəkilən təlimdə Bolqarıstan, Niderland, Almaniya, Ukrayna,
Azərbaycan və Gürcüstanı təmsil edən təhsil üzrə mütəxəssislər
şəxsi təcrübə və peşəkar bacarıqlarını inkişaf etdirməklə yanaşı öz
akademik təcrübələrini bölüşüblər.
Eyni zamanda təlimdə iştirak edən təhsil işçiləri Azərbaycanın
tarixi, multikultural və milli dəyərləri, adət-ənənələri,
mədəniyyəti, incəsənəti, musiqisi və təhsili haqqında təqdimatlarla
çıxış ediblər, müzakirələr aparıblar.
Onlar ölkəmizi tanıtmaq məqsədi ilə “Azerbaijan Cultural
Evening” adlı Azərbaycan günü də keçiriblər. Tədbirdə 44 günlük
Vətən müharibəsi zamanı nümayiş etdirdiyimiz qəhrəmanlıq və
qazandığımız zəfər, həmçinin milli bayramlarımız haqqında ətraflı
məlumat veriblər.
Tədbir zamanı Qarabağın simvolu hesab olunan Xarıbülbül
nişanları nümayəndələrimiz tərəfindən qonaqlara hədiyyə edilib.