Dekabrın 23-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və beynəlxalq aləmdə olan nüfuzu bu gün bir xalq olaraq, bir dövlət olaraq bizi daha güclü, daha xoşbəxt və daha parlaq gələcəyə doğru aparır. 44 günlük Vətən müharibəsi bu baxımdan ən böyük, ən yaddaqalan tarixi hadisələrdən biridir.
Bildirilib ki, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bu konfransın həyata keçirilməsi istiqamətində xüsusi tapşırıqlar verib. Ölkənin müxtəlif ali təhsil müəssisələrindən, həmçinin orta məktəblərdən olan nümayəndələrin konfransda iştirakının önəmli bir məsələ olduğu vurğulanıb.
ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova yaradılan şəraitə və konfransın təşkilatçılığına görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən biri də məhz İlham Əliyev kimi xalqını, vətənini işıqlı sabahlara aparan, layiqli bir varisi yetişdirməsi olub: “Bu gün biz xoşbəxt xalqıq. Xoşbəxt xalqıq ki, bizim cənab Prezident İlham Əliyev kimi rəhbərimiz, Ali Baş Komandanımız var. Onun 44 günlük Vətən müharibəsindəki sərkərdəliyi, bacarığı, cəsarəti və qətiyyəti sayəsində bu gün torpaqlarımız işğaldan azad olunub, bu gün Qarabağa böyük qayıdış var. Biz hər zaman inanırdıq ki, o torpaqlara qayıdacağıq və qayıtdıq.”
ADU-nun Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxışında konfrans iştirakçılarına uğurlar arzu edib, baş tutan konfransın aktuallığından danışıb. Qeyd olunub ki, konfrans öz işini yüksək səviyyədə hazırlayıb, ölkənin bir sıra ali təhsil ocaqları bu işdə fəal rol oynayıblar: “Bu gün təhsil sahəsi dövlətin diqqət mərkəzindədir. Bu gün təhsilə olan qayğı bütün ölkə üzrə hiss olunmaqdadır. Ali Baş Komandan İlham Əliyevin həm beynəlxalq nüfuzu, həm ölkədə yürütdüyü uğurlu siyasəti hər birimizi sevindirir. Qalib bir xalqın nümayəndələri kimi biz də cənab Prezidentin ətrafında daha sıx birləşməli, ona dövlətçilik naminə görülən işlərində daha çox dəstək olmalıyıq. Bu gün keçirilən konfrans da məhz bu qəbildəndir. Konfrans elmi aspektdən əhəmiyyətli mövzu üzərində qurulub və elmi əlaqələrin inkişafı baxımından da önəmli əhəmiyyət daşıyır.”
Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev konfrans iştirakçılarını bir arada görməkdən məmnun olduğunu bildirib, ADU-nun rektoru, akademik Kamal Abdullaya konfransın təşkilatçılığında göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. Azərbaycanın tarixi qələbəsindən danışan Zamin Həziyev əldə olunan qələbənin bütün Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşməsindən və ona olan inamdan irəli gəldiyini söyləyib.
UFAZ-ın direktoru Vazeh Əsgərov konfransın önəmli bir mövzu ətrafında təşkil olunduğunu, bu istiqamətdə aparılacaq işlərin zərurəti haqqında danışıb. ADU-nun təşkilatçılığı ilə baş tutan konfransın cənab Prezidentin 60 illik yubileyinə həsr olunmasından danışan direktor, Azərbaycanın əldə etdiyi qələbənin tarixi bir uğur olduğunu və bundan sonra da Azərbaycanın uğurlarının davamlı olacağını bildirib.
Konfrans bölmə iclasları ilə yekunlaşıb.