Azərbaycan Dillər Universitetində (ADU) ənənəvi olaraq hər il keçirilən “Məzun günü” bu il iyun ayının 25-də böyük coşqu və sevinclə qeyd olunub.
AzerTimes xəbər verir ki, təntənəli tədbirdə 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlarla yanaşı, millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
“Məzun günü” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “Gaudeamus” tələbə himni səsləndirilib.
Universitetin rektoru, akademik Kamal Abdulla məzunları təbrik edərək onların qazandıqları bilik və bacarıqlarla ölkəmizin gələcəyinə mühüm töhfə verəcəklərinə əmin olduğunu bildirib. Ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor universitetin son illər əldə etdiyi nailiyyətlərdən, genişlənən beynəlxalq əlaqələrindən və yeni təhsil proqramlarından bəhs edib. ADU-nun “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olduğunu qeyd edən rektor bu uğurların əldə olunmasında bütün ADU əməkdaşlarının əməyi olduğunu vurğulayıb.
“Məzun günü” tədbirinin əlamətdar anlarından biri də millət vəkillərinin çıxışları olub.
Sonra universiteti yüksək akademik göstəricilərlə bitirən tələbələrə universitet rəhbərliyi və millət vəkilləri tərəfindən Fəxri fərmanlar təqdim olunub.
Azərbaycan Dillər Universitetinin “Fəxri məzun” adına layiq görülmüş Filologiya fakültəsinin tələbəsi Fikrət Ağayev məzunlar adından çıxış edərək, universitetin onlara verdiyi geniş imkanlar və dəstək üçün bütün müəllim heyətinə minnətdarlığını bildirib.
“Məzun günü” rəngarəng konsert proqramı ilə davam edib.