ADU-da pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib (FOTO)

İyunun 1-də Azərbaycan Dillər Universitetində 2021-2022-ci
tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı
keçirilib.

Konfransda ölkənin müxtəlif dövlət və özəl qurumlarının
nümayəndələri, pedaqoqlar, təcrübə rəhbərləri və şagirdlər iştirak
ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını
salamlayıb, müxtəlif dövlət qurumlarından olan qonaqların
universitetdə görməkdə məmnun olduğunu bildirib. Qeyd olunub ki,
Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələri üç ay
müddətində müxtəlif dövlət və özəl qurumlarda pedaqoji və
istehsalat təcrübələrində uğurlar iştirak ediblər:

“Bu gün sizin həyatınızda, siz tələbələrin həyat yolunda yeni
bir səhifə açılır. Bu səhifə sizi parlaq gələcəyə, uğurlu iş
həyatına və xoşbəxt günlərə səsləyir. Qazandığınız təcrübə bir ömür
sizin yaddaşınızda qalacaq, ən xoş duyğularla xatırlanacaq. Əminəm
ki, əldə etdiyiniz təcrübə sizin iş həyatınızda faydalı və
məhsuldar olmağa kömək edəcək. Hər birinizi təbrik edir, ən səmimi
arzularımı çatdırıram.”

Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov
təcrübənin yekunlarına dair hesabatla çıxış edib. Çıxışda
bildirilib ki, müxtəlif dövlət və özəl qurumlarda təcrübə keçən
tələbələr özlərini ən yaxşı tərəfdən göstərə biliblər, etimadı
doğruldublar və məzun olacaqları universiteti layiqincə təmsil
ediblər. Təcrübəçilərin göstərdikləri fəaliyyət, təşkil etdikləri
görüşlər, Xocalı soyqırımına həsr olunmuş və universitetin
tanıdılması istiqamətində keçirilən tədbirləri yüksək
qiymətləndirilib.

ADU-nun Xarici Dillərin tədrisi kafedrasının müdiri Əmralı
Şirəliyev tələbələrin yüksək bilik və bacarıqlarından, təcrübə
müddətində əldə etdikləri uğurlardan danışıb. Söylənilib ki,
tələbələr təcrübə müddətində öz bilik və bacarıqlarını artırıb,
yeni təlim və metodlarla yaxından tanış olublar. Qeyd olunub ki,
təcrübə müddətindəki fəaliyyətin səmərəli və faydalı keçməsi həm də
ixtisaslı kadrların müasir tələblərə uyğun formalaşdırılmasına
dəstək vermiş olacaq.

ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz
Çərkəzqızı təcrübədə olan jurnalistika ixtisasının tələbələrinin
təcrübə proqramını məruzə edib. Məruzədə müxtəlif media
qurumlarında təcrübədə olan tələbələrin əldə etdikləri bilik və
bacarıqlardan danışılıb. Qeyd olunub ki, təcrübədə olan tələbələrin
göstərdikləri bilik və bacarıqlar peşəkarlar tərəfindən yüksək
qiymətləndirilib.

Daha sonra təcrübədə iştirak etmiş müəllimlər və təcrübəçi
tələbələr təşkil etdikləri tədbirlər, dərslər haqqında məlumat
veriblər, konfransda iştirak edən məktəb şagirdləri təəssüratlarını
bölüşüb, həmçinin çıxışçılar layihənin həyata keçirilməsində
yaratdığı şəraitə görə universitet rəhbərliyinə təşəkkür
ediblər.

Teqlər: