ADU-da Novruz şənliyi keçirilib (FOTO)

Martın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz
bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı
münasibətilə universitet kollektivini, tələbələri təbrik edib,
onlara möhkəm cansağlığı, işlərində uğurlar, könül xoşluğu, bol
ruzi-bərəkət arzu edib. Rektor bayramın mahiyyətindən,
əhəmiyyətindən danışıb: “Novruz təbiət bayramıdır. Novruz
yenilikdir, təzəlikdir. Bu bayramda təbiət də yenilənir. Sizə də
həyatınızda yeniliklər arzu edirəm. Ömrünüzdə elə bir işıqlı, isti
günlər olsun ki, həyatınızda peşmançılıq hiss etməyəsiniz”.

Universitet rəhbəri 44 günlük Vətən müharibəsindən, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin gördüyü böyük
işlərdən söz açıb:
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın
xarüqələr yaratdığını desəm, yanılmaram. Həqiqətən də ölkəmiz
siyasi, mədəni, iqtisadi inkişaf yolunda elə addımlayır ki, biz bu
addımların əhəmiyyətini, faydasını hələ uzun illər bundan sonra da
hiss edəcəyik. 44 günlük müharibənin ab-havası, həyatımızın
mənasını dəyişdirən möhtəşəmliyini yaşayırıq. Bu gün biz öz
auditoriyamızda əlimizdən gələni etməliyik ki, şəhidlərimizin ruhu
şad olsun. Biz onların da əvəzinə yaşamağı, oxumağı, öyrənməyi
bacarmalıyıq. Bu bizim ən böyük mənəvi borcumuzdu. Və biz bu
borcumuzu hökmən yerinə yetirməliyik və yerinə yetirəcəyik.”

Tədbirin bədii hissəsində tələbələr milli və xarici dillərdə
bayram təbriki səsləndirib, musiqilər ifa edib. Universitetin “Dalğa” rəqs qrupu bir-birindən maraqlı rəqs nömrələri nümayiş
etdiriblər.

Tələbələrin təqdimatında Novruz bayramının əzəli-əbədi
personajları olan kosa və keçəlin iştirakı ilə tamaşa səhnəciyi
nümayiş olunub.

Sonda Novruz tonqalı alovlandırılıb.

Teqlər: