Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
AzerTimes xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla 18 oktyabrı Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik tarix kimi dəyərləndirib.
“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində baş verən hadisələrə nəzər salsaq, görərik ki, ilk illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi, ölkə inkişaf etdi, iqtisadi gücümüz artdı. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu”.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığı və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığı vurğulanıb, ulu öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğu diqqətə çatdırılıb.
Tədbirdə Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Quliyev “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Leyla Rüstəmli “Dövlət müstəqilliyi haqqında konstitusiya aktı Azərbaycanın demokratik inkişafının əsasıdır”, Xarici dillər kafedrasının müəllimi Günay Səfərova “Müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınması” mövzusunda çıxış edib.