Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AzerTimes xəbər verir ki, tədbirdə əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, Holokost qurbanlarının anım günü, sadəcə, insanların anım günü kimi qeyd edilmir, həmçinin onların birlik, bərabərlik, yüksəliş günüdür.
“Holokost qurbanları həyatlarını boş yerə qurban vermədilər. Onlar insanlıq naminə qurban getdilər. Azərbaycan-İsrail münasibətləri bu gün düşmənlərimizin gözləri götürməyəcək qədər güclüdür. Biz bu birliyin gələcəkdə çox xeyrini görəcəyik”, – Kamal Abdulla qeyd edib.
İsrailin ölkəmizdəki səfiri Corc Dik isə deyib ki, yəhudi nifrəti hələ də mövcuddur və bu nifrət əvvəlkindən daha qəddar, daha kəskin formadadır. Təəssüf ki, 75 il bundan qabaq yəhudilər öz ölkələrindən qovulsalar da, yəhudi nifrəti hələ də kəskin şəkildə qalmaqdadır.
Səfirin sözlərinə görə, Azərbaycan bütün xalqların, eləcə də yəhudilərin sülh şəraitində, heç bir problem olmadan yaşadığı ölkədir:
“Burada hər hansı ravvin heç bir narahatlıq keçirmədən, sərbəst şəkildə gəzə bilər. Onlar hətta Bakı küçələrində gəzərkən özlərini Avropanın ən məşhur paytaxtlarından belə təhlükəsizlikdə hiss edirlər”.
Tədbirdə daha sonra Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili , gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekker çıxış edərək bildiriblər ki, Holokost tarixin, sadəcə, qanlı səhifəsi deyil, eyni zamanda, kimliyin insanlığın əlindən alınmasıdır.
Vurğulanıb ki, Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb. Onların 1,5 milyonu uşaqlar olub. Qeyd edilib ki, Holokostun unudulmaması insanlıq üçün çox vacibdir, ən vacibi isə Holokostun tarixinin gələcək nəsillərə ötürülməsidir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin göstərişi ilə bu yaxınlarda İsraildə Azərbaycanın səfirliyi açılıb. Bu İsrail-Azərbaycan əməkdaşlığının daha da yaxşılaşmasına mühüm töhfədir.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.