ADU-da Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirildi

ADU-da Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirildi

İyunun 14-də Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” VI Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, büstün önünə gül dəstələri qoyulub. Ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Azərbaycan Dövlət Himni səsləndirilib. Beynəlxalq tələbə himni olan “Qaudames” oxunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Konfransda iştirak edən qonaqlar konfrans iştirakçılarına təqdim olunub. Onların hər birinə konfransda iştirakına görə təşəkkürünü bildirən rektor konfransın əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümə həsr olunan konfransa maraq böyükdür. Müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar konfransa böyük diqqət və maraq göstərirlər:

“Bu gün biz Ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. O dahi bir lider kimi, müdrik bir siyasətçi kimi, xalqını, torpağını bütün varlığı ilə sevən, qoruyan bir şəxsiyyət kimi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır.

Ulu öndər Azərbaycanın gücünü xalqların birliyində və vəhdətində görürdü. Məhz bu birliyin və vəhdətin nəticəsində 44 gündə Azərbaycan xalqı dəmir yumruq oldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Bu gün Azərbaycan xalqı qalib xalq kimi bütün dünyada öz sözünü deyir.

Qalib xalq olmağın məsuliyyəti böyükdür. Biz gərək bunu öz işimizdə, əməlimizdə, auditoriyalarımızda, kafedralarımızda hamıya nümayiş etdirə bilək”.

Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov, Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Lapteva, Maynz Universitetindən professor Hendrik Buşoten, Pakistanın Milli Müasir Dillər Universitetindən professor Muhammad Zubair İqbal, Aleksandr İoan Kuza adına Yassı Universitetindən Lyudmila Bejenaru, Ege Universitetindən professor Fikret Türkmen, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Hacı Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti və başqa qonaqlar salamlama nitqi ilə çıxış edib, konfransla bağlı fikirlərini bölüşüblər.

Qeyd olunub ki, konfrans öz əhəmiyyəti və beynəlxalq əməkdaşlığın qurulması baxımından olduqca önəmli rol oynayır.

Konfrans bölmə iclasları ilə davam edib və yekun iclası ilə başa çatıb.

Teqlər: