ADU-da Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş tədbir keçirildi

ADU-da Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə ADU və ADPU-nun professor-müəllim heyəti, alimin ailə üzvləri, Milli Məclisin deputatları və tələbələr iştirak ediblər.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov böyük alimin həyat yolundan bəhs edib, onun elmi fəaliyyətində feillərlə bağlı apardığı tədqiqatların əhəmiyyətini xüsusi vurğulayıb. Görkəmli alimin milli ziyalı, nəcib, səmimi və xalqını sevən vətəndaş olması diqqətə çatdırılıb. Qeyd olunub ki, professor Həsən Mirzəyevin ümumilikdə 14 cildliyi dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz xəzinədir.

ADU-nun rektoru, akademik Kamal Abdulla professor Həsən Mirzəyevi Azərbaycanın elm tarixində öz yeri və rolu olan görkəmli alimlərdən biri kimi dəyərləndirib:

“O, əsl pedaqoq idi. Həsən müəllim həqiqi mənada öz işinin mirzəsi idi. Öz işində olduqca hərəkətli, dinamik, hər kəsə yardım etməyə çalışan insan idi. O, təkcə dilçi alim kimi deyil, həm ədəbiyyatşünas, folklorşünas alim kimi, həm də bir şair kimi yaddaşlara həkk olunub. Hər birimiz Həsən müəllim kimi şəxsiyyətlərin həyat yolundan, elmi irsindən bir çox məqamları öyrənməli, bunu gənc nəsillərə ötürməliyik”.

“Həsən Mirzəyevin elmi fəaliyyətində onomastika məsələləri” mövzusunda çıxış edib. Qeyd olunub ki, Həsən Mirzəyev Azərbaycan dilində olan toponimlərin, abidə adlarının araşdırılması istiqamətində xüsusi ilə fərqlənib. Bildirilib ki, uzun müddət ərzində aparılan araşdırmaların Azərbaycan dilçiliyinə vermiş olduğu töhfələr bu gün də qeyd olunmalıdır.

Professor Həsən Mirzəyevin qardaşı Musa Mirzəyev tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, alimin irsinin hər zaman tədqiq olunacağına əmin olduğunu diqqətə çatdırıb.

Daha sonra ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, dosent Elçin İbrahimov, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Yeganə Hacıyeva, AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, professor Adil Babayev, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru İbrahim Bayramov, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fazil Əhmədov, Milli Məclisin deputatı Etibar Əliyev görkəmli alim Həsən Mirzəyev haqqında çıxış və məruzələr edib, xatirələrini bölüşüblər. Tədbirdə Həsən Mirzəyev irsinin araşdırılması məsələsi diqqətə çatdırılıb.

Teqlər: