Azərbaycan Dillər Universitetində (ADU) Fransanın Azərbaycandakı
səfirliyinin təşkil etdiyi natiqlik müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ADU-nun rektoru,
akademik Kamal Abdulla, Fransanın Azərbaycandakı səfiri Zakari
Qros, Litvanın Azərbaycandakı səfiri Daynis Qarançs, Mərakeş
Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş, universitetin
prorektorları və başqaları iştirak edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla təşkil olunmuş
müsabiqənin tələbələrin həyatındakı əhəmiyyətini yüksək
qiymətləndirib. Qeyd edib ki, fransız dili ADU-da böyük uğurla
tədris olunur, bu ölkənin mədəniyyətinə, tarixinə maraq böyükdür:
“Fransız dilinin yüksək nüfuza malik olması bizi Fransaya, Avropa
mədəniyyətinə daha da yaxınlaşdırır. Fransız dilinə olan bu sevgi
fransız ədəbiyyatı və mədəniyyətinə olan sevgi ilə bir yerdədir.
Əlbəttə, biz universitet olaraq fransız dilinin inkişafı üçün
bundan sonra da vacib addımlar atacağıq. Təşkil olunmuş bu müsabiqə
tələbələrin təhsil həyatı üçün unudulmaz təcrübə və imkan
olacaq”.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros natiqlik müsabiqənin
təşkilindəki roluna görə ADU-nun rəhbərliyinə və kollektivinə
təşəkkür edib, ali təhsil ocağının fransız dilinin tədrisindəki
uğurlarını yüksək qiymətləndirib. Qeyd olunub ki, Fransanın
Azərbaycandakı səfirliyi ilə Azərbaycan Dillər Universiteti
arasında sıx əməkdaşlıq mövcuddur və bu əlaqələr gələcəkdə daha da
möhkəmlənəcək.
Litvanın Azərbaycandakı səfiri Daynis Qarançs, Mərakeş
Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş natiqlik
müsabisi haqqında fikirlərini bölüşüb, tələbələrə uğurlar arzu
ediblər.
Daha sonra ADU-nun tələbələri fransız dilində müxtəlif mövzular
üzrə çıxış ediblər.
Seçimə əsasən qalib ADU-nun Beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsinin tələbəsi Hənifə Əhmədova olub. Müsabiqə
qaydalarına görə, o, 2022-ci ilin yayında Fransanın Azərbaycandakı
səfirliyinin təşkilatçılığı ilə bu ölkəyə səyahət edəcək. ADU-nun
rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə digər yüksək
nəticə göstərmiş iştirakçı – Filologiya fakültəsinin tələbəsi
Nəzrin Mehdiyeva isə universitetin hesabına Fransaya səhayət imkanı
qazanıb. Onlar dil mərkəzlərinin dərslərində iştirak edəcək,
fransız ailəsinin qonağı olacaqlar.